Şamaxıda şəhid ailələri ziyarət olunub

Şamaxı rayonunda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.
ATİAHİ Şamaxı rayon komitəsi tərəfindən hazırlanan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, YAP rayon komitəsinin sədri Tural Qasımlı, rayon Təhsil sektorunun müdiri Məsud Babayev, komitənin sədri Fuad Nəsirov iştirak ediblər. Tədbirə Vətən müharibəsində iştirak etmiş rayonun təhsil işçiləri dəvət olunublar.
Çıxış edənlər bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanmaqla siyasi meydanda da istəyinə nail olub. Üçtərəfli 10 noyabr sazişinin imzalanması ilə faktiki olaraq Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə çevrilib.
Müharibə iştirakçıları keçdikləri şanlı döyüş yolundan, düşmən əsgərlərinin acınacaqlı durumundan, onların məğlubiyyət acısından, Azərbaycan əsgər və zabitlərinin rəşadətindən danışıblar.
Sonda müharibə iştirakçılarına fəxri fərman və müxtəlif hədiyyələr verilib.
Bundan başqa, övladları şəhid olmuş təhsil işçiləri də ziyarət olunub, onlara sovqatlar paylanılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo